Сара ханым Ашурбейли

(27.01.1906 – 17.07.2001)

 

МЕМОРИАЛЬНЫЙ САЙТ

 

 

 

 

Sara xanım Aşurbəyli haqqında xatirələrim

 

 

Teymur Bünyadov

AMEA-nın həqiqi üzvü, akademik

Sara xanım Aşurbəyli haqqında xatirələrim

 

Ilk öncə «İçərişəhər» Tarix Memarlıq Qoruğu İdarəsinin «İçərişəhər» tarixi muzeyinə Sara Aşurbəyli haqqında keçirəcəyi tədbirə görə öz adımnan və tarixçilər adınnan dərin hörmət və ehtiramlarımı bildirirəm.

Nazim Hikmətin bir sözü yadıma düşdü: «O deyirdi ki, sən yanmasan mən yanmasam nece çıxaq bu qaranlıqdan?» İndi bizim keçmişləri, ötmüşləri böyük alimləri sən yazanmasan, mən yazmasam kim yada salar?...

Mən hesab edirəm ki, Sara xanım haqqında söz demək onun ruhunu şad eləməkdir, qoy onun ruhu şad olsun!

Bu Aşurbəylilər nəsli Bakıda çox tanınmış, böyük nəsillərdən biridir. Sovet dövründə məşhur nəsilləri, böyük xadimləri  olanların hamısını pis qələmə verirdilər. Sara xanım da xeyli çətinliklərlə üzləşmişdi. Sara xanım haqqında düşünəndə mən Davud bəy Şərifovu  yada salıram. O, Azərbaycan Tarix muzeyinin vaxtılə XX əsrin I yarısında direktoru olmuşdur. Muzeyin tərkibində bir məktəb açdırmışdır. «Elmə həvəskarların yığıncağı» adlanırdı. Bu yığıncaqda iştirak edən  iki böyük alimdən biri Sara xanım Aşurbəyli idi. Bu  alim, hamıya nümunə olan bir xanımdır.

Mən 1955-ci ildə Moskvada dissertasiyamı müdafiə edib gələndə, Sara xanım Tarix İnstitutunda işləyirdi. Sara xanım ilə mənim münasibətim son dərəcə yaxın olub. Bu da səbəbsiz deyildir. Mənim həyat yoldaşım Zivər xanımın xalası Sara xanım Aşurbəylinin gəlini idi. Digər tərəfdən də mənim çox zəhmətkeş, elmə necə maraq göstərdiyimi izləyirdi, mənə köməkliklər göstərirdi. Məhz  bütün bunlar nəticəsində onun da mənə xüsusi hörməti var idi.

Bir az da sizlərə Sara xanımın əsərləri haqqında məlumat vermək istərdim. Aşurbəylinin bir qohumu onun əsərlərini bir neçə cilddə çap elətdirmişdi. Mən hesab edirəm ki, məhz bu Sara xanıma qoyulan heykəldir. Sara Aşurbəyli bir neçə dil bilirdi. Rus dili və fransız dilini isə ana dilindən də bəlkə daha çox bilirdi. Ona görə də mənbələri oxumaq, onlardan istifadə etmək, eyni zamanda elə əsərləri vardır ki, xüsusən Bakının tarixi haqqında olan əsəri əsrlər keçəcək, minilliklər dolanacaq heç kim Sara xanımın əsəri qədər yaza bilməyəcək. Orta əsr mədəniyyətimizin qızıl səhifəsi olan Şirvan haqqında olan əsər də ona məxsusdur. Bu xanım xarici dilləri bildiyi üçün Azərbaycan-Hindistan əlaqələri haqqında da kitab yazmışdır. Bizlər bu kitab vasitəsilə çox şey öyrəndik. Bu əlaqələrin kökündə atəşgah var .Atəşgahı bizim torpağımızda hindlilər tikib .Onlar bura ziyarətə gəliblər hətta bəziləri burada qalıblar. Bizim bəzi böyük sənətkarlar həmin kökdən, həmin nəsildəndilər.

Sara xanım indiki Bakı Dövlət Universitetində fransız dilindən də dərs deyirdi. Hanı o müəllimlər?.. 

E.ə. IV əsrdə Platon adlı yunan tarixçisinin bir maraqlı fikri var idi. «Valideyn məni göydən yerə endirdi lakin müəllim məni yerdən göyə qaldırdı». Şərqin böyük mütəfəkkiri Sədi Şirazi isə deyirdi: «Bir gün şah oğlunun əlindən tutub mədrəsəyə apararkən ,gümüş lövhə üzərində bu sözlərə rast gəlir. Mən valideynin nəvazişindən çox, müəllimin tələbkarlığına borcluyam». Hər iki dövrün böyük alimləri Sara xanım kimi müəllimləri nəzərdə tuturdu.

Sara xanımın həyat  yoldaşı Mövsüm bəy o dövrdə Tarix muzeyinin direktoru idi. Bir müddət sonra Mövsüm bəyi Sibirə sürgün eləmişdilər. Sürgündən qayıtdıqdan sonra  Şirvanşahlar sarayına direktor təyin olunmuşdu. O dövrdə bizim münasibətimiz çox yaxşı idi. Hətta yaxınlığımız o həddə idi ki, mən O sürgündən qayıtdıqdan sonra dəfələrlə  deyərdim ki, Mövsüm bəy bəlkə yenidən Sara xanımla ailə qurasınız. Bu da mümkün olan bir hadisə deyildi.

Sara xanım mənim nəzərimdə necə biridir?

Mən onu görəndə artıq yetkin qadın idi. O, su sonası, ay parçası kimi idi. Ona baxdıqca baxmaq istəyərdin. Onun səsində təkrarsız melodiya, məlahət var idi. Çox sadə, səmimi bir qadın idi. Mən hələ o zaman çox gənc idim, onun mənə köməkliyi çox olub. Hər hansı materialın, mənbənin tapılmasında mənə köməklik göstərərdi və mən də oxuyub yararlanırdım.

Sara xanım haqqında çox danışmaq olar. Yenə də vurğulamaq istəyirəm ki, nə yaxşı ki, onu yad edirsiniz, onun ruhunu şad edirsiniz. Buna görə sizlərə yenidən öz dərin minnətdarlığımı bildirirəm. Ruhu şad olsun deyirəm!