İLK QADIN TARİXÇİMİZ
ILK QADIN TARİXÇİMİZ
GÖRKƏMLI ELM XADIMLƏRIMIZ
Sara xanım Bakıda anadan olmuşdur. Atası Balabəy Teymurbəy oğlu QŞURBƏYLİ dövrünün tanınmış ziyalılarından idi. Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti Mirəsadulla Mirqasımovun, Ruhulla Axundovun təhsil almasında onun böyük rolu olub. N.Nərimanovun qohumu olan anası tiflisli İsmət xanım rus, fransız, fars, alman dillərində sərbəst danışırdı. Sovet hakimiyyəti qurulandan sonra ailə rəsmi icazə ilə Türkiyəyə köçür. İstambulda Saha xanım Janna d’Ark adına fransız kollecinin əla diplomla bitirir. Hələ doğma Vətəndə olarkən alman, fransız dillərini bilən, gözəl piano çalan, rəngkarlıq sənətinə böyük həvəs göstərən gənc qız üçün geniş imkanlar yaranır. Akvarellə çəkdiyi rəsmləri həmişə birinci yer tuturdu. Valideynləri elə güman edirdilər ki, Sara artıq öz peşə yolunu seçib. Lakin rəssamlıq S.Aşurbəyli üçün əsas peşə olmadı.
1925-ci ildə Sara xanım Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tarix şöbəsinə daxil olur, Bəkir Çobanzadə, Əzizbəy Qubaydulin, Juze kimi alimlərdən dərs alır, ərəb, fars dillərini öyrənir. Universiteti bitirdikdən sonra bir neçə il tarix institutunda işləyir. Yaxşı deyiblər ki, sən saydığını say, gör, fələk nə sayır.
30-cu illər ölkəmizin tarixinə stalinizm repressiyası, qanlı-qadalı illər kimi daxil olmuşdur. Sara xanım da həmin illərin faciəsini görməyə, ağrılarını çiyinlərində daşımağa məcbur olur. Atası və həyət yoldaşı tutulur. Özünü də işdən çıxarırlar. Ruhulla Axundovun köməyi ilə işə bərpa olunan Sara xanım 2 illiyə Leninqrad Şərqşünaslıq İnstitutuna göndərirlər. Çox çəkmir ki, geri çağırılır və işdən azad edilir. İxtisası üzrə işləməyə icazə vermirlər. Buna görə də dillərini gözəl bildiyi halda məcburiyyət qarşısında birillik fransız dili kursuna daxil olur. 1937-ci ildə Pedaqoji İnstitutda xarici dillər fakültəsi açılır. O vaxt Bakıda fransız dili üzrə mütəxəssislər az olduğu üçün onu işə götürürlər. Sara xanım fakültənin fransız dili şöbəsində müəllim işləyir, başqa şöbədə isə tələbələrlə eyni auditoriyada ingilis dilini öyrənirdi.
Düz 21 il – 1937-ci ildən 1958-ci ilə kimi Sara Aşurbəyli respublikanın müxtəlif ali məktəblərində üç dildən (ingilis, fransız, alman) dərs deyir. O, eyni zamanda Əzim Əzimzadə adına rəssamlıq məktəbini və musiqi texnikumunu da əla giymətlərlə bitirir. Rəssamlıq məktəbində təsviri sənətdən, universitetin incəsənət fakültəsində Qərbi Avropa incəsənətindən dərs deyir.
S.Aşurbəyli hələ ilk gənclikdən Bakının tarixi haqda düşünürdü. Orta əsr mənbələrində şəhər barədə verilmiş səthi məlumatlar onu qane etmirdi. Sara xanım bu sahədə əsil elmi söz demək üçün on il sənəd topladı. 400-ə qədər müəllifin Azərbaycan, rus, fars, ərəb, türk, fransız, ingilis, alman, italyan dillərində əsərlərini, hətta ingilis dilinə tərcümə olunmuş Çin mənbələrini araşdırdı. Divarlar, daşlar üzərindəki neçə-neçə kitabələri aydınlaşdırdı. Arxeoloji qazıntılar zamanı tapılan əşyaları, maddi və mədəni sərvətləri, memarlığı öyrəndi, ərəb və fars sikkələrindən sülaləni müəyyənləşdirdi. Məlum oldu ki, “Bakı” sözü Xəzərin qərb sahillərində məskən salmış qədim “baklar” qəbiləsinin adı ilə bağlıdır.
S.Aşurbəyli 1949-cu ildə Leninqradda “Orta əsrlər Bakısının tarixi oçerkləri” mövzusunda namizədlik dissertasiyası, 1965-ci ildə isə Tbilisidə “Bakı tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. O, tarix elmləri doktoru olan ilk azərbaycanlı qadın idi.
Alimin “Bakı tarixi” kitabı xarici ölkələrdəki mütəxəssislərin də diqqətini cəlb etdi. “Pəyami-Nəvan” (Tehran), “Türkologiya” (Paris), “Türkiyyət məcmuəsi” (İstambul) jurnallarında Bakının 12 əsrlik tarixini əhatə edən bu əsər haqda məqalələr dərc olundu.
Sara Aşurbəyli 28 ildir ki, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda işləyir. Onun ikinci qiymətli əsəri “Şirvanşahlar dövləti” kitabıdır. Bu əsərə görə o, respublika Dövlət mükafatına layiq görülmüşdür. Bu kitab haqda da dünyanın müxtəlif ölkələrində müsbət rəylər yazılmışdır.
Sara xanım 100-dən çox əsərin müəllifidir. Onların arasında incəsənət, heykəltəraşlıq xalçaçılıq sənətinin tarixinə aid tədqiqatlar var. XI əsrdə yaşamış Azərbaycan tarixçisi Əbdurrəşid Bakuvi haqqında əsəri Amerikada, “Azərbaycanda hind tacirləri” adlı məqaləsi Hindistanda, “Azərbaycanla Çin arasında mədəni və iqtisadi əlaqələr” yazısı isə Çində çap olunmuş və yerli tədqiqatcıların diqqətini cəlb etmişdir. O, dünya miqdasında tanınan alimlərdəndir. Parisdə çıxmış “Dünya şərqşünasları”, Moskvada nəşr olunmuş “Sovet şərqşünaslarının sorğu-məlumat kitabı”nda, ASE-də alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Görkəmli alim bir çox konfranslarda, simpoziumlarda məruzələr oxuyub.
Sara Aşurbəyli 1946-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. Neçə-neçə fırça əsərin müəllifidir. Onun mənzərə və natürmortdan ibarət rəngkarlıq əsərləri 40 ilə yaxın sərgilərdə nümayiş etdirilib, “Göygöl” tablosu isə Meksikada muzeylərin birində özünə əbədi yer tutmuşdur.
Görkəmli tarixçi ömrünün yetkinlik çağındadır. Azərbaycan xalqı öz şanlı qızından yeni-yeni əsərlər gözləyir.