Сара ханым Ашурбейли

(27.01.1906 – 17.07.2001)

 

МЕМОРИАЛЬНЫЙ САЙТ

 

 

 

 

Elmə həsr olunmuş həyat

 

 

Əli Rəcəbli

tarix elmləri doktoru, professor

 

Elmə həsr olunmuş həyat

 

Yüzillik zaman meyarı yetərlidir ki, hər hansı bir ictimai xadimin, özəlliklə, bilim adamının enişli-yoxuşlu yaşam yolunu, yaradıcılıq uğurlarını nəzərə salıb, onu dəyərləndirə biləsən. Bu yolda külüng çalanlar çox, işiq saçanlar isə az... Birincilərin əsərləri rəflərdə toz altında, ikincilərinki masalar üstündə. Sara xanım Aşurbəyli o bilginlər pleyadasına mənsubdur ki, yazıb-yaratdıqlarına sonsuz ehtiyac duyulur, onlar həmişə oxunur, zaman keçdikcə yeri daha çox görünür.

Aşurbəylilər soyunun son və mətin təəssübkeş qadını, yüksək intellekt və ensiklopedik məlumat sahibi olan Sara xanımın yaradıcılıq spektrı çox geniş və rəngarəngdir. Vətənə olan bağlılığı onu Klionun ləyaqətli təmsilçisi səviyyəsinə qaldırmış və o, bütün şüurlu ömrünü vətən tarixinin öyrənilməsinə həsr etmişdir. Onu demək kifayətdir ki, ortaçağlar tarixinin ən önəmli, lakin mənbəşünaslıq baxımından həlli olduqca çətin və mürəkkəb görünən problemlərindən biri - Bakı şəhəri və paytaxtı Bakı olan minillik Şirvanşahlar dövlətinin tarixi problemlərinin həlli Sara xanımın adı ilə bağlıdır. Onun çeşidli arxeoloji, etnoqrafik, numizmatik, epiqrafik artefaktlar və ərəb-fars-türk dilli yazılı qaynaqlar üzərində apardığı son dərəcə əziyyətli və dəqiq araşdırmalar nəticəsində ərsəyə gətirdiyi və elmi yaradıcılığının şah əsərləri sayılan «Bakının ortaçağlar tarixi oçerki VII-IX - yüzillər» və «Şirvanşahlar dövləti» adlı monumental monoqrafiyaları müəllifin ana yurduna, ata ocağına olan sonsuz sevgi və sayqısının məhsuludur desək, yəqin ki, yanılmarıq.

Sara xanımın müşahidə və maraq dairəsi də çox geniş idi. O, eyni zamanda gözəl rəssam, poliqlot-mütərcim, bəlağətli natiq və mehriban müsahib idi. O, orta və ali təhsil müəssisələrində dərs demiş, inzibatı vəzifələrdə çalışmış, rəssamlıq məktəbində xarici dil kurslarında oxumuşdur.

Sara xanımla yaxından tanışlığım və ünsiyyət bağlamağım AMEA-nın Milli Azərbaycan Tarixi muzeyində  baş verdi. 1953-cü ildə muzey indiki binasına köçdükdən sonra burada əsaslı reekspozisiya işlərinə hazırlıq gedirdi. «Neft maqnatının qızı» kimi bütün həyatı boyu haqsızlıq, etinasızlıq və bəzən açıq bədxaxlıq və qərəzli münasibətlə qarşılaşan Sara xanımın (burada dıgər Sara xanımı - H.Z.Tağıyevin qızı Sara xanımı necə xatırlamayasan?!) yüksək mənəvi-elmi keyfiyyətlərinə və bədii zövqünə bələd olan və o zaman Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində işləyən xalq şairi Səməd Vurğunun təşəbbüsü ilə («zər qədrini zərgər bilər») Sara xanım muzeyin qədim və orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Rəhbərlik etdiyi şöbənin gənc və savadlı əməkdaşlarına rəğbətlə yanaşan Sara xanımla tez-tez Muzey ekspozisiyasını dolaşır, geniş dünyagörüşü və erudisiya sahibi olan Sara xanım mövcud ekspozisiyanın çatışmamazlıqlarını qeydə alır, onu nə ilə və necə zənginləşdirmək üçün öz təklif və mülahizələrini yerindəcə bizimlə bölüşürdü. Sara xanımın  muzeydə çox da uzun sürməyən elmi fəaliyyətindən yadigar qalan ən önəmli nailiyyətlərdən biri (onun «Yaylaq və qışlaq» rəngli tabloları Muzeyin ortaçağlar ekspozisiyasında nümayiş etdirilirdi) akademik Əbdulkərim Əlizadə ilə birlikdə tərtib etdikləri muzeyin mövzu-ekspozisiya planı oldu. Bu plan əsasında Muzey ekspozisiyası yenidən quruldu və XXI yüzilin astanasına qədər öz fəaliyyətini davam etdirdi.  

Son olaraq, bir numizmat kimi, qeyd etməliyəm ki, istər Muzeydə işlədiyi dönəmdə, istərsə də sonralar, öz elmi fəaliyyətini davam etdirərkən, Sara xanımın Azərbaycanın zəngin numizmatik irsinə olan hədsiz marağı, məlum numizmatik ədəbiyyatla kifayətlənməyib də sikkələri öz əlinə alıb, onları diqqətlə nəzərdən keçirməsi məni yaxşı mənada heyrətləndirirdi. Ümumiyyətlə, böyük məmnuniyyət hissi ilə deməliyəm ki, Sara xanım yeganə uzman Azərbaycan tarixçisidir ki, öz elmi yaradıcılığında numizmatik faktlara dəyərincə önəm verərək, onlardan yerli-yerində bəhrələnmişdir. «Numizmatika tarix elmində riyaziyyatdır» ifadəsi də ona aiddir.

 Sara xanım öz mənalı həyat yolu zəngin və dəyərli elmi yaradıcılığı ilə ən məruf Azərbaycan tarixçiləri kəhkaşanında parlaq bir ulduz, təkcə özünə məxsus yeri olan nəcabətli, ziyalı bir türk xatunu idi. Elmi əsərlərindən başqa Sara xanım bizə əsl intelligent, həyatsevər gözəl insan, böyük vətandaş kimi çox dərin və əbədi bir xatirə qoyub getdi. Allah qəni-qəni rəhmət eləsin!