Dünya qadın tarixçiliyi: şəxsiyyət və əfsanə (Sara Aşurbəyli haqqında söz)
Kərim Şükürov
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı,
tarix elmləri doktoru, professor
Dünya qadın tarixçiliyi: şəxsiyyət və əfsanə
(Sara Aşurbəyli haqqında söz)
Dünyada ilk qadın tarixçi kim olmuşdur sualına cavab olaraq bildirilir ki, o, məşhur Çin tarixçisi Ban Qunun (32-92) bacısı Ban Çjao idi. Avropada ilk qadın tarixçi kimi Anna Komnina (1083-1153) qeyd edilir. Sovet və rus tarix elmində tarixi feminologiya və gender tarixinin banisi hesab olunan prof. N.L.Puşkaryova 1810-1917-ci illərdə Rusiya qadın-tarixçilərinə həsr edilmiş məqaləsində (Пушкарева Н.Л. Женщины-историки в России 1810-1917 годов// Вестник Пермского Университета. 2012, Вып. 1(18)) tədqiqat probleminə uyğun olaraq Rusiyada da ilk qadın tarixçini müəyyənləşdirməyə çalışıb və bu prosesin nə qədər mürəkkəb olmasına baxmayaraq, bu sırada A.O.İşimovanın (1805-1881) 1830-cu illərdə «Uşaqlar üçün Rusiya tarixi hekayələrdə» (История России в рассказах для детей) kitabı ilə birinci olduğunu vurğulayıb. Qadın-tarixçilərə maraq o dərəcədə geniş hal alıb ki, 1999-cu ildə ABŞ-da qadın-tarixçilərin xatirələrindən ibarət toplu nəşr edilib. (Voices of Women Historians. The Personal, the Political, the Professional. Indiana University Press, 1999).
Təəssüf ki, indiyədək Azərbaycan tarix elminin tarixində (Bu barədə bax: Şükürov K. Azərbaycan tarixi: Elmi-nəzəri və praktik problemləri. Bakı, 2004) bu problem geniş tədqiqat obyekti olmamışdır. Buna baxmayaraq, biz qeyd edə bilərik ki, Azərbaycan tarix elminin inkişafında qadın-tarixçilərin özünəməxsus rolu olmuşdur. Bu tematikanı ümumi şəkildə xülasə etsək qeyd etmək olar ki, Azərbaycanın qadın-tarixçiləri üçün məxsusi sahə mövzusu olmamış, onlar Azərbaycan tarixinin ən aktual mövzuları üzrə tədqiqatlar üzərində çalışmış, Azərbaycan tarix elminin beynəlxalq aləmdə nüfuz qazanmasına mühüm töhfə vermişlər. Bununla eyni zamanda, Azərbaycanın qadın-tarixçiləri tarixi tədqiqatlara nəfis bir harmoniya, estetika gətirmiş, onu daha oxunaqlı etmişdir. Onların içərisində Sara xanım Aşurbəylinin (1906-2001) adı böyük hörmətlə yad edilir. Sara xanımın kəşməkeşli həyatının çətin sınaqlarına rəğmən, ömrünün simvolu kimi Sədaqət hissini xüsusi qeyd etmək olar. Sevgisinə, ailəsinə, Vətəninə, tarixçi peşəsinə ...Sədaqət. Onun monoqrafiyalarının ithaflarına nəzər salaq: Bakı şəhərinin tarixinə həsr edilmiş kitabı (Очерки истории средневекового Баку (VIII-начало XIX в.). Баку, 1964) 1937-1938-ci illərin repressiyalarının qurbanı olmuş atası Balabəy Aşurbəyovun, Şirvanşahlar dövləti kitabı (Ашурбейли С.Государство Ширваншахов (VI-XVI вв.). Баку, 1983) 1941-1945-ci illər müharibəsi zamanı həlak olmuş qardaşı, hərbi həkim Rəşid Aşurbəylinin xatirəsinə həsr edilmişdir. Orta əsrlərdə Azərbaycanın Hindistanla əlaqələri kitabı (Экономические и культурные связи Азербайджана с Индией в средние века. Баку, 1990) isə 1984-cü ildə qətlə yetirilən İndira Qandiyə ithaf olunmuşdur. Bununla da ithaflar məntiqi məna kəsb edərək, Sara xanımın həyat baxışına da bir bitkinlik gətirmişdir.
Bir dəfə Bakı Dövlət Universitetinin tarix fakültəsində Sara xanımın hər üç kitabının redaktoru olmuş mərhum Ziya Bünyadov (1923-1997) ilə görüş keçirilərkən o deyirdi ki, alimlər çox kitab yazır, lakin onlardan yalnız biri onun ömür kitabı olur. O, «Azərbaycan VII-IX əsrlərdə» kitabını özünün ömür kitabı olduğunu bildirmişdir. Görəsən, Sara xanım hansı kitabını ömür kitabı hesab edirdi və yaxud, Ziya müəllimə Sara xanımın kitabları haqqında belə bir sual verilsə nə deyərdi? Təəssüf ki, indi bu suallara cavab tapmaq mümkün deyildir. Əslində, bu kitablar Azərbaycanın ömür kitablarıdır, onun tarixinin bu və ya digər dövrünün salnaməsidir.
Tarixçi peşəsi haqqında yazılanlar içərisində əslən yəhudi olan məşhur Fransa tarixçisi, «Annallar» məktəbinin banilərindən olan Mark Blokun (1886-1944) «Tarixin mədhi və tarixçi peşəsi» kitabının xüsusi yeri vardır. (Марк Блок. Апология истории, или ремесло историка. Изд. 2-е. М., 1986). Bəzən tarixçilər bu kitabın adı üzərində ətraflı dayanır. Bu tamamilə haqlı bir yanaşmadır. Sara xanımın kitabları və ömrü də bu həqiqətin təsdiqidir. Onun yazdığı tarix ölkənin və xalqın «bərpa edilmiş» həyatıdır, bu isə tarixçinin əməyinin bəhrəsidir. Ona görə də cəmiyyətdə tarixçi və ya tarix müəllimin kəmiyyəti deyil, tarixçi peşəsinin stabil statusunun olması zəruridir. Bu isə yüksək səviyyəli peşəkar tarixçilərin şəxsiyyəti və yaradıcılığının nüfuzu ilə təmin edilə bilər.
Sara xanımın monoqrafiyaları və onlar qədər vacib olan məqalələrinin təhlili və dəyərləndirilməsi Azərbaycan tarixşünaslığının qarşısında duran vacib problemlərdəndir. Burada mən daha çox Sara xanımın əsərləri üşün xarakterik olan xüsusiyyətlərə diqqəti cəlb etmək istəyirəm.
Bu baxımdan ilk yerdə təbii ki, tarixi problemin seçilməsi gəlməlidir. Dünya tarixşünaslığı üçün keçərli olan bu hal, sovet tarixçisi üçün ilkinlik hüququnu itirir, çünki o zamanlar ilk yerdə ideoloji qəliblər gəlirdi. Sara xanımın kitablarının nəzərdən keçirilməsi sübut edir ki, o, bu ideoloji qəliblərdən yüksəkdə durmağı bacarmışdır. Həmin kitabların heç birinin nə girişində, nə də mətnində marksizm-leninizm klassiklərinə istinadla bu və ya digər müddəanın təsdiqinə təsadüf etmək mümkün deyildir.
Sara xanım tarixçilik nöqteyi nəzərindən çox mürəkkəb mövzuları tədqiqat obyekti kimi seçmişdir. Bakı tarixi və onunla sıx bağlı olan Şirvanşahlar dövlətinin tarixindən Azərbaycan-Hindistan münasibətlərinə keçilməsi buna sübutdur. Bu dərin intellektin, yüksək təfəkkürün, ümumləşdirmə bacarığının kompleks şəkildə təzahürünün nəticəsidir.
Tarixçilər yaxşı bilir ki, tarixi tədqiqat üçün xronologiya ən başlıca şərtlərdən biridir. Mən düşünürəm ki, qısa dövrü əhatə edən tarixi tədqiqatlar daha çox icraçı tarixçilərin sahəsidir, uzun tarixi dövrün tədqiqi isə mütəfəkkir tarixçilərin (Elm tarixində bu generatorlar (elmi istiqamətlər və ideyalar verənlər) və icraçılar kimi ifadə edilir. Reallıqda hər ikisi də vacibdir.) qismətidir. Sara xanımın monoqrafiyalarının hər birinin xronlogiyası orta əsrlər kimi geniş bir dövrü əhatə edir. Şirvanşahlar dövlətinə dair monoqrafiyasında yazır ki, biz qarşımıza Şirvan dövlətinin meydana gəlməsi, onun inkişaf mərhələlərinin izlənilməsi, çiçəklənməsi və süqutunun minillik dövr ərzində tədqiq edilməsi vəzifəsini qoymuşuq. (Ашурбейли С. Государство Ширваншахов (VI-XVI вв.).,C.3) Tarixi problemin belə geniş xronologiyada tədqiqi müəyyən ümumləşdirmələr ilə müşayət olunsa da, hadisələri uzun perspektivdə izləmək imkanı yaratmaqla, onun konkretliyi və ümumi qanunauyğunluğunu daha müfəssəl müəyyən etməyə imkan verir. Belə tədqiqatlar müntəxabati xarakter daşımaqla universal vəsaitə çevrilir və stolüstü kitab olur. Bu araşdırmalar dövrə dair tədqiqatlar sahəsində boşluqları ortaya çıxararaq, yeni istiqamətləri müəyyənləşdirir və tarixi tədqiqatlara ciddi təkan verir. Zənnimizcə, dünya qadın-tarixçiləri arasında bu miqyasda alim tapmaq çətindir və bu meyara görə Sara xanım daha çox dünyanın məşhur kişi tarixçiləri ilə müqayisə oluna bilər.
Tarixi əsərə dəyər qazandıran ən əsas məsələlərdən biri onun mənbə bazasıdır. Sara xanımın hər bir kitabı və məqaləsi arxeoloji, yazılı, numizmatik və epiqrafik abidələrin məlumatlarının peşəkarcasına toplanması, interpretasiyası və nəticələndirilməsinə dair örnək ola bilər. Bu baxımdan onu həm də, mahir mənbəşünas (Evliya Çələbi, Bakuvi haqqında məqalələri və s.) adlandırmaq olar. Onun bir sıra Şərq və Avropa dillərini bilməsi, əsərlərinin mənbə bazasının daha da genişələndirilməsinə, tarixşünaslığının daha əhatəli olmasına imkan vermişdir.
Nəhayət, bir məsələ üzərində də dayanmaq istərdim: tarixçinin yaradıcılıq prosesi. Təbiət elmləri üçün elmi-tədqiqat laboratoriyası şərtdir. Laboratoriya - bu söz tarixçinin yaradıcılıq prosesi üçün yalnız məcazi məna daşıya bilər. Tarixçi onlarla müxtəlif tarixi faktları ağlında, beynində qarşılaşdırır, düzü-doğrunu tapmağa çalışır, bu hələ azdır, fikri nəticələr çıxarıb, onu düstur və formulalar ilə deyil, sözlərlə ifadə etməyə çalışır. Bu baxımdan Sara xanımın əsərlərini oxuyarkən onun hikmətli yaradıcılıq dünyasına daxil olmaq, onun açdığı fikir cığırı ilə irəliləmək, onun kodlarını açmaq, nəinki yeni tarixi tədqiqata başlayan gənc tarixçiyə, eləcə də istənilən peşəkara böyük zövq bəxş edir.
Azərbaycan tarixşünaslığından bəhs edərkən böyük təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, tarixçilərin bir qisminin (çox maraqlıdır ki, onların arasında yüksək elmi dərəcələri olanlar, AMEA-nın müxbir və həqiqi üzvləri daha çoxdur) zəhməti hesabına başa gələn tarixə dair əsərlər zəmanə dəyşən kimi «elmi» dəyərini itirmiş, hətta xalqın tarixini təhrif etməsinə görə zərərli kitablara çevrilib, kitab rəflərində tozlanmağa məhkum olunmuşdur. Sara xanımın əsərləri isə zəmanənin sərt sınaqlarından uğurla çıxmış, müstəqillik dövründə də yenidən təkrar-təkrar nəşr edilmişdir. Böyük tarixçinin ömrünü verdiyi əsərləri onun vəfatından sonra müəllifin həyatını davam etdirməkdədir. Sara xanım bundan sonra da hələ neçə-neçə nəsillərin həmsöhbəti, tarixçilərin örnək mənbəyi olacaqdır.