Сара ханым Ашурбейли

(27.01.1906 – 17.07.2001)

 

МЕМОРИАЛЬНЫЙ САЙТ

 

 

 

 

Böyük nəslin yadigarı

 

Vəfa Quliyeva

                            tarix elmləri doktoru, professor

 

Böyük nəslin yadigarı

 

Azərbaycan xalqı böyük, qüdrətli tarixə, zəngin mədəniyyətə, mənəviyyata malik olan bir xalqdır. Bu mirasın dəyərli hissəsini xalqın içindən çıxmış və həyatının mənasını xalqa xidmət etməkdə görən ziyalılar təşkil edir. Onların özləri zaman ötdükcə xalqın milli sərvətinə, milli qüruruna çevrilirlər. Belə ziyalılarımızdan biri tarix elmləri doktoru, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, «Şöhrət» ordenli Sara Balabəy qızı Aşurbəylidir.

Sara xanım Aşurbəyli deyəndə gözümün önündə nəcib, artıq dərəcədə təmkinli, üzügülər, ziyalı bir xanım canlanır. Onu bacılarsız təsəvvür edə bilmirəm. Ona görə ki, AMEA-nın Tarix İnstitutunun dəhlizlərində son zamanlar ancaq bacılarının müşahidəsində görünərdi. Bacılar onu gözdən qoymazdılar, qoruyardılar hərçənd ki, ilk baxışdan o bacılarından daha gümrah görünürdü.

Bir gün belə bir mənzərənin şahidi oldum. Tarix İnstitutunun direktoru, rəhmətlik İqrar müəllim iri addımlarla dəhlizin o başından irəliləyirdi. Sara xanım da artıq beli bükülmüş kiçik bacısı ilə dəhlizin bu başından gəlirdi.  İqrar müəllimlə üz-üzə gələndə kiçik bacı – «bunu tək buraxmırıq, nəzarət edirik» – deyə güldü. İqrar müəllim cavabında «Canım, sizin özünüzün diqqətə, nəzarətə daha çox ehtiyacınız var» – deyə, zarafatyana yanlarından ötüb keçdi.

O zaman, mən gənc tarixçi, bu xanımın necə qüdrətli, böyük bir alim olduğunu dərk etmirdim. O, böyük olduğu qədər də təvazökar, sadə bir insan idi. İllər ötdü, Sara xanım tarixə qovuşdu, mən taleyin hökmü ilə İçərişəhər qalasında elmi fəaliyyətimi davam etdirdim və Sara xanımı Azərbaycan tarixşünaslığında Bakı tarixinə dair neçə-neçə fundamental əsərin tədqiqatçısı kimi yenidən özüm üçün kəşf etdim.

Çətin, keşməkeşli həyat yolu keçən bu nəcib xanım, Bakı milyonçusu Balabəy Aşurbəyovun ailəsində 1906-cı il yanvarın 27-də dünyaya göz açmışdır. Onun gəncliyi fırtınalı illərə təsadüf edir. 1917-20-ci illər hadisələri ailənin İstanbula getməsi ilə nəticələnir və o, orada Janna Dark adına fransız kollecini bitirir. 1925-ci ildə ailə Bakıya qayıdır və bundan sonra ailənin məşəqqətli günləri başlayır, ailə təqiblərə məruz qalır. Sara xanımın atası Balabəy Aşurbəyov və əmisi Əli bəy həbs olunur və xalq düşməni damğası vurularaq güllələnirlər.

Sara xanım xalq düşməni qızı kimi özü uzun müddət təqiblərə məruz qalmış və yalnız 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Xarici dillər fakültələrini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra o, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Tarixi muzeyində, AMEA-nın Şərqşünaslıq, Tarix İnstitutlarında müxtəlif vəzifələrdə çalışmış, 1993-cü ildən ömrünün sonuna qədər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsini tutmuşdur.

Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının tarixinə dair olan tədqiqatlarıdır. O, «Bakının tarixinə dair oçerklər», «Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri» və «Şirvanşahlar dövlətinin tarixi» kitablarının müəllifidir. Sara xanım ilk və yeganə tarixçidir ki, öz həyatını Bakı və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr etmişdir. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, orta əsr Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunmuşdur. Minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatı VI  əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılmış, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunmuşdur. Bu tədqiqatlarına görə Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Sara xanımın aldığı Avropa təhsili onun elmi fəaliyyətində ona yardımçı olur. Avropa dillərini mükəmməl bilməsi fundamental «Şirvanşahlar Dövləti» əsərinin yazılmasında ingilis, fransız dilli mənbələrin tədqiqata cəlb olunmasına kömək edir. Sara xanımın şərq dillərini bilməsi ərəb, fars dilli mənbələrdə Şirvanşahların tarixinə dair kifayət qədər maraqlı və orijinal sənədlərin tədqiqata cəlb olunması əsərin mənbəşünaslıq bazasını daha da zənginləşdirir. Xüsusi vurğulamaq lazımdır ki, Sara xanım bu əsəri ilə həm minillik dövlətçilik tarixinə malik olan Şirvanşahlara həm də özünə möhtəşəm, yenilməz bir abidə ucaltmışdır. Nə ondan əvvəl nə də ondan sonra bu problemi  qədər geniş, dolğun tədqiq edən olmamışdır.

Bakı tədqiqatçısı, əsl elm fədaisi, Azərbaycan tarix elminin sütunlarından biri olmaqla, özü Azərbaycan xalqının milli sərvətinə çevrilmiş Sara xanım Aşurbəyli bütün ömrü boyu vətənpərvər bir ziyalı olaraq qalmışdır. O, özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışırdı.

Bu böyük alimin fəaliyyəti ictimai xarakter daşımışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev alimin 90 illiyi münasibətilə ona göndərdiyi məktubda onun elmi və ictimai fəaliyyətini belə səciyyələndirmişdir: «...Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir».

Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında vəfat etmişdir. Hələ neçə-neçə nəsillər Sara xanımın qoyub getdiyi zəngin elmi mirasdan bəhrələnəcəklər. Bakı tarixinin öyrənilməsinə böyük əmək sərf etmiş Sara xanımın elmi yaradıcılığına Azərbaycan Respublikası Nazirlər kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də böyük önəm verir, onun tədqiqatları idarənin elmi – tarixi araşdırmalar sahəsində çalışan əməkdaşları üçün əsas istinad mənbələri sırasındadır. Biz bu böyük alimin tariximiz üçün etdiklərini minnətdarlıqla xatırlayır, onun ruhu qarşısında baş əyirik.